Rusiyanın dünyanın 5-ci ən böyük taxıl ixracatçısı olan Ukraynaya qarşı müharibəsi nəinki ruslar və ukraynalılara ölüm gətirir, həm də ixracda yaranan maneələr ilə bütün dünya üçün kəskin ərzaq böhranı və yoxsulluğun artması təhlükəsi yaradır ki, bu problemdən ən çox əziyyət çəkən ölkələrə region və xüsusən də Avropa ölkələri daxildir.
Eurostatın açıqladığı məlumatlara görə, Avorpa Birliyində illik inflyasiya 2022-ci ilin avqustunda 10.1% təşkil edib, çörək qiymətləri isə bir əvvəlki ilin eyni ayına görə orta hesabla 18% artıb.
İllik inflyasiyanın 25.2%-lə ən yüksək səviyyədə Estoniyada qeydə alınmasına baxmayaraq, ölkələr arasında çörəyin qiymətində ən yüksək artım 65.5% ilə Macarıstanda, ən az artım isə baget (fransız) çörəyi ilə məşhur olan Fransada yaşanıb – 8.2%. Onu da qeyd edək ki, Fransa həmçinin Avropada infliyasiyanın ən aşağı səviyyədə qeydə alındığı ölkədir-6.6%. Fransada ümumi qiymət artımlarının Avropa ortalamasından olduqca aşağı olmasının əsas iki səbəbi ölkənin əsas elektrik resursunun təbii qaz yox, nüvə stansiyaları olması və ötən il dövlətə məxsus enerji şirkətlərinin qiymətləri artırma tələbinə məhdudlaşdırıcı reaksiya hesab olunur. Bununla belə, hələ mart ayında Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun yeni dərc etdiyi rəqəmlər Fransanın staqflyasiya dövrünə girə biləcəyi təəsüratını da formalaşdırmışdı.
Ümumi infllyasiya baxımından, Eurostatın məlumatlarına görə Avrozonanın orta göstəricisi 9.1%, ittifaq üzrə orta göstərici 10.1% olduğu halda Macarıstanda illik qiymətlərin artım səviyyəsi 18.6%-lə 1988-ci ilin mayından bəri ən yüksək həddə çatıb. Bununla belə, Macarıstanda çörək qiymətlərinin bu səviyyəyə çatmasına səbəb qismində müharibəyə qədər yaşanan quraqlıq göstərilməkdədir. Belə ki, 1901-ci ildən bəri Macarıstanın ən quraq dövrü məhz 2021-ci ilin avqustuna təsadüf etmişdi ki, bu da taxıl biçininə xeyli zərbə vurmuşdu. Beləliklə, macar çörəkçilər hələ Ukrayna müharibəsindən əvvəl un qiymətlərinin kəskin bahalaşacağı barədə xəbərdarlıq vermişdilər.
Ümumilikdə isə, qiymətlərin, xüsusən də çörək qiymətinin artması bütün dünyada olduğu kimi avropalılara da, xüsusən də gəlirləri aşağı olanlara birbaşa təsir edir. Çünki çörək kimi əsas istehlak məhsullarının qiymət artımı ailə büdcəsinin daha böyük hissəsinin əsas ehtiyaclara ayrılması deməkdir. Avropa Komissiyasının məlumatına görə isə, 2021-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər avropalıların əsas ehtiyaclar üçün adambaşına xərclədiyi məbləğ ayda 160 avro artıb.
Pünhan Musayev/iqtisadçı