1992-ci ildə müstəqillik əldə etdikdən sonra dövlətimizin bütün sahələrdə inkişaf etdiyinin şahidi oluruq. Bu isə heç də əbəs yerə deyil. Prezident İlham Əliyevin verdiyi fərmanlar, qəbul etdiyi qərarlar sözün əsl mənasında Müasir Azərbaycanı gələcək nəsillərə miras olaraq ötürür. Yaxşı, bəs ölkədə hər şey qaydasındadırsa,niyə həmyerlilərimiz Avropa ölkələrinə üz tuturlar? Hansı səbəblər onları ölkədən kənarlaşmağa vadar edir? Bir az mövzunun dərinliyinə getsək,həqiqətən, haqlı səbəblərdən dolayı belə bir seçim etdiklərini görə bilərik. Azərbaycan onun nefti- “Qara qızıl”ı ilə dünya miqyasında yer alır. Bəs neft ölkəsi olmaq hər şeyi həll edirmi? Təbii ki,-xeyr. Dilbər guşələrə malik olan qara torpaq ,demə heç də problemsiz deyilmiş.
Çoxlarının da bildiyi kimi, yanacağın qiyməti yaxın zamanlarda bir neçə dəfə artmışdı. Normal olaraq, nəqliyyat vasitəsi olan hər kəs bu tendensiyanı narazılıqla qarşılamışdı. Lakin edilən heç bir şikayət, heç bir etiraz bu qərarın alınmasına əngəl ola bilmədi. Məsələ təbii ki, bununla bitmir. Sakinlər supermarketlərdə heyrətdoğuran qiymətləri də narazılıqla qarşılayırlar. Axı iqlim şəraiti bu qədər möhtəşəm olan obanın iqtisadiyyatı niyə çökmüş vəziyyətdədir? Sanki insanların maaşı ilə ölkədə bazar iqtisadiyyatı düz mütanasibdir. Əməkhaqqı artdıqca,qiymətlər 2 qat qalxır. “Gediş haqqı da artacaq”,kimi şüarlar da artıq səslənməyə başlayıb. Əməkhaqqının miqdarının belə az olduğu bir dönəmdə bu qiymət artımlarını nəyə borcluyuq? COVID-19 pandemiyası zamanı metropolitenin tamamilə istifadəsiz hala çevrilməsi,insanların işlərini evdən idarə etməsi və nəqliyyata azalan tələbat nəqliyyat şirkətlərinin ili ziyanla başa vurmalarına səbəb olub. Lakin bu ziyan gediş haqqının yüksəldilməsi ilə deyil, Bakı Nəqliyyat Agentliyinin göstərəcəyi digər tədbirlər vasitəsi ilə aradan qaldırılmalıdır. Yanacağın artan qiyməti,ziyanla ili başa vurmuş nəqliyyat şirkətləri milyonluq əhalinin qapısını yüksək qiymətlərlə döyə bilməz. Ələlxüsus da bu vətəndaşların səhvi və işi deyilsə…
Səbinə Elmanqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi