Dövlət Neft Fondunun tenderi nəinki özəl və beynəlxalq şirkətləri, hətta aidiyyatı dövlət qurumunu kənarlaşdırmaq məqsədi daşıyır.
Yenə də Prezidentin fərmanlarına, hökumətin qərarlarına qarşı açıq-aşkar sayğısızlıq müşahidə olunur.
Hər şey köhnə qaydadadır.
2018-ci ildən Prezidentin fərmanı, hökumətin çoxsaylı qərarları var ki, dövlət qurumları Hökumət Buluduna inteqrasiya olunmalıdır.
Yəni, hər bir dövlət qurumu özü üçün serverlər almalı deyil, özünün data mərkəzini qurmalı deyil, dövlətin dataları optimallaşma və səmərəlilik baxımından vahid bir məkanda, hökumətin Tier3 standartlı Data Mərkəzində yerləşməlidir.
Dəfələrlə şahidi olmuşuq, yazmışıq ki, Prezidentin bu tapşırığının icrasında problemlər var.
Bir çox dövlət qurumları inteqrasiya etsələr də, bəziləri tələsmirlər, hətta əksinə addımlar atırlar.
İndi də baxıram ki, ən şəffaf hesab etdiyimiz qurumlardan biri, Dövlət Neft Fondu məlumat emalı infrastrukturunun yaradılması ilə bağlı tender elan edib.
Hansı ki, mövcud normalara görə qurum özəl data mərkəz qurmalı deyil, AzİnTelecom-a müraciət edərək bunu Hökumət Buludunda yaratmalıydı.
Təəccüblənməmək, təəssüflənməmək mümkün deyil.
Öz funksiyaları ilə başqaları üçün nümunə ola biləcək qurum belə addım atırsa, digərlərindən nə gözləyək.
Böyük tender olduğundan, yetərincə ictimai əhəmiyyət kəsb etdiyindən bu tenderlə, onun texniki şərtlərilə daha yaxından tanış oldum.
Fondun daha müasir texnologiyalara üstünlük verməsi, müasir hiperkonvergent sistemlər yaratmaq istəyi təqdirəlayiqdir.
Amma bunun reallaşdırılması üçün hazırlanan şərtlər toplusuna baxanda məəttəl qalmamaq mümkün deyil.
Bu tenderin texniki şərtlərindən görsənir ki, Hökumət Buludundan yayınmaq bir tərəfə, kimsə bu şərtləri həm də məqsədyönlü olaraq hansısa təchizatçını kənarlaşdırmaq və kimlərəsə yol açmaq baxımından hazırlayıb.
Bəlkə də, DNF rəhbərliyi texniki şərtlərdən xəbərsizdir, bu şərtlər DNF -də hansısa “aytişnikin” kimləsə separat sövdələşməsinin məhsuludur.
Yəni, ağlım kəsmir ki, rəhbərlik səviyyəsində belə kobud səhvə yol verilsin.
Qısası, DNF-in şərtlərindən görünür ki, qurum üçün zəruri olan bütün komponentlər əsasən Dell şirkətinin avadanlıqlarına yönəlir.
Dünyanın tanınmış şirkətlərinin, Cisco, HPE, Microsoft, Lenovo, Nutanix və s. şirkətlərin həlləri bu şərtlərə bir çox hallarda uyğun gəlmir.
Yəni, açıq-aşkar haqsız rəqabət mühiti yaradılır.
Maraqlıdır ki, şərtləri kim hazırlayıbsa , nəinki təklif olunan qiymətə, əksinə, məhz texniki məqama, yəni avadanlığın texniki uyğunluğuna daha çox üstünlük veriləcəyini qeyd edib.
Hiss olunur ki, gələcəkdə də bu dövlət qurumunun hansısa təchizatçıdan asılılığına yönəlik şərtlərə üstünlük verilib.
Maraqlıdır ki, görəsən bu tip şərtlərə Antiinhisar Dövlət Xidməti, İqtisadiyyat və Maliyyə Nazirlikləri necə müsbət rəy verib və tenderə razılıq veriblər.
Həmçinin, necə ola bilər ki, RİNN-nin səlahiyyətlərinin və vəzifələrinin mənimsənilməsinə yönəlik addımlar atılır, amma RİNN-də bu sahəyə məsul qurumlar və ya şəxslərdən səs çıxmır.
Ümumiyyətlə, son dövrlərdə Antiinhisar Dövlət Xidmətinin öz funksiyalarının icrası ilə bağlı bir çox məsələlərdə prinsipial mövqe tutmadığı, öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi qənaətindəyəm.
Ümid edirəm adı çəkilən qurumlar bu məsələyə diqqət yetirəcək, tenderin qanunauyğunluğunu araşdıracaq və müvafiq addımlar atacaq.
Osman Gündüz