Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə böyük Avropa bazarını itirdikdən sonra yeni bazarlar axtarmağa çalışır. Rusiyanın əsas alternativi Çindir. Təsadüfi deyil ki, bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % artaraq 93,8 milyard ABŞ dollarına çatıb. Bir il ərzində Çinin Rusiyaya ixracının dəyəri 75,6 % artaraq 42,95 milyard ABŞ dolları, Çinin Rusiyadan idxalının dəyəri isə 20,4 % artaraq 50,85 milyard ABŞ dolları olub. 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 29,3 % artaraq 190 milyard ABŞ dolları təşkil edib.
Çinin elə bir məhsulu yoxdur ki. Rusiyaya ixrac etməsin. Çin Rusiyaya smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər satıb. Çinin Rusiyadan aldıqları isə neft, təbii qaz, kömür, mis filizi, taxta, yanacaq və dəniz məhsullarıdır.
Rusiya Çinlə hərbi əməkdaşlığı da genişləndirməyə çalışır. İki ölkə arasında birgə hərbi təlimlərin sayı artıb. Bu vəziyyət Yaponiyanı narahat edir. Yaponiya hökumətinin sözçüsü Hirokazu Matsunonun sözlərinə görə, Çin və Rusiyanın Yaponiya ətrafında birgə hava təlimləri bu ölkənin milli təhlükəsizliyi üçün “ciddi narahatlıq” yaradıb. Hirokazu Matsuno bildirib ki, Yaponiya Çin və Rusiya bombardmançılarının birgə uçuşlarını qeydə alıb. Bu ay Çin və Rusiya Yapon dənizi və Şərqi Çin dənizi üzərində birgə hava patrulu da həyata keçiriblər. Yaponiya bu səbəbdən tərəfdaşlarıyla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çalışır, NATO ilə təmasları artırıb.
Bu arada, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli “CNN” telekanalına müsahibəsində Çinlə bağlə vəziyyətin gərginləşdiyini bildirib: “Biz müəyyən rəqabət şəraitindəyik, konfrontasiya mərhələsindəyik, amma hələ ki münaqişəmiz yoxdur”. Millinin sözlərinə görə, Çin ilə ABŞ arasında müharibə qaçılmaz deyil. Amerikalı general hesab edir ki, rəqabət vəziyyəti ilə bağlı status-kvonu saxlamaq vacibdir. Bunun üçün ölkələrin bir-biri ilə əlaqə saxlaması və böhran zamanı deeskalasiyaya cəhd göstərməsi lazımdır.
Mark Milli beynəlxalq aləmdə 3 gücün – ABŞ, Rusiya və Çinin ön planda olduğunu etiraf edib: “Bu 3 dövlətin simasında çoxqütblü dünya formalaşmağa başlayıb”. Halbuki, SSRİ dağldıqdan sonra ABŞ-ın simasında birqtblü dünya formalaşmışdı. Demək, vəziyyət dəyişib. Çinin hərbi zəmində fəallaşmasına misal kimi “The Wall Street Journal” dərgisində yayımlanan məqaləni göstərmək olar. Məqalədə Çinin Kuba adasında gizli baza formalaşdıracağı yazılıb. Kuba ilə Çin əldə etdikləri gizli razılaşmaya görə, Çin Kuba ərazisində yüksək texnologiyalardan istifadə edərək ABŞ-ın ərazisini müşahidə edəcək. Kubadakı bazadan ABŞ-ın cənub ərazisi dinləniləcək və elektron məktublar ələ keçiriləcək. Həmin bazadan ABŞ hərbi gəmilərinin yerdəyişməsi də nəzarətdə saxlanılacaq. Çinin Kubadakı həmin bazası ABŞ-ın Florida ştatından təxminən 100 kilometr məsafədə yerləşəcək. Çinin həmin bazaya görə Kubaya milyardlarla dollar ödədiyi bildirilib. Ağıq iqtisadi durumda olan Kubanın valyutaya ehtiyacı var.
Çinin Kubada yaratmaq istədiyi baza Vaşinqtonda ciddi narahatlıq doğurub. Vaxtilə SSRİ Kubada nüvə silahlarını yerləşdirəndə bu az qala üçüncü dünya müharibəsinə səbəb olacaqdı. Tarixə “Karib böhranı” kimi düşən hadisə “soyuq müharibə” illərinin ən gərgin günləri idi. Tarix təkrarlana bilər.
Elxan Şahinoğlu, politoloq