Çinin xarici işlər naziri Qin Qang Ukraynadakı müharibənin nəzarətdən çıxdığını deyib. Onun sözlərinə görə, Pekin bu durumdan narahatdır: “Çin davam edən eskalasiyadan narahatdır. Biz aidiyyatı ölkələri “bu gün Ukrayna, sabah Tayvan” ritorikası ilə münaqişəni daha da qızışdırmağı dayandırmağa çağırırıq”.
Öncə onu deyək ki, rəsmi Pekin Ukraynadakı müharibəyə obyektiv yanaşmır. Çinin bu savaşda Rusiyanı dəstəkləməsinə dair kifayət qədər fakt var. Kəşfiyyat məlumatlarına əsasən məlum olub ki, Çin Rusiyaya hərbi yardım edir. Belə olan halda Çinin eskalasiyanın genişlənməsi ilə bağlı narahat olduğunu bildirməsi məntiqli deyil.


Çin rəhbərliyi yaxşı anlayır ki, Rusiyanın imkanları getdikcə azalır. Rəsmi Moskva “dalana dirəndiyini” gördükcə “qırmızı xətt”ə yaxınlaşır. Kreml bütün imkanlarının tükəndiyini başa düşəndə “qırmızı xətt”i keçməkdən çəkinməyəcək. “Qırmızı xətt” isə məhz nüvə silahından istifadədir. Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin bir neçə dəfə bildirib ki, bu dövlət öz müdafiəsi üçün nüvə silahından istifadə edə bilər.


Q. Qanqın Ukraynadakı müharibənin nəzarətdən çıxmasına dair açıqlaması, çox güman, hər şeydən əvvəl məhz ehtimal edilən nüvə müharibəsi ilə bağlıdır. Çünki nüvə savaşı ehtimalı getdikcə artır. Və əgər bu olarsa, dünyada çox ciddi deformasiyalar olacaq.


İkinci bir tərəfdən, davam edən müharibə artıq həm Rusiyanın, həm də Ukraynanın iradəsindən asılı deyil. Ukrayna istəsə belə, müharibəni dayandıra bilməz. Çünki hərbi – texniki baxımdan ABŞ-dan asılıdır. Və nə qədər ki, Vaşinqton müharibənin bitməsini istəmir, Moskva da “düşdüyü bataqlıqdan çıxa bilməyəcək”. Proses, demək olar, Ağ evdən asılıdır. Çin xarici işlər nazirinin açıqlaması həm də bu konteksdən qiymətləndirilməlidir.


Çin- ABŞ qarşıdurması Ukraynadakı müharibədə də özünü aydın göstərir. Pekin də Tehran kimi Moskva üçün bir növ “saman çöpü” rolunu oynayır. Çin başa düşür ki, Rusiya müharibədə uduzsa, ABŞ onunla haqq – hesabı çürütməyə başlayacaq. Ona görə də Pekin müxtəlif səviyyələrdə Moskvanı dəstəkləməyə davam edir. Çinli nazir “aidiyyatı ölkələr” deyəndə, şübhəsiz ki, ABŞ və müttəfiqlərini nəzərdə tutur. Bu isə o deməkdir ki, Pekin mövcud eskakasiyanın genişlənməsinə görə Moskvanı günahkar bilir. Bu, proksi müharibənin və informasiya – ideologiya savaşının tərkib hissəsidir.


Onu deyək ki, nazirin Tayvanla bağlı müqayisəsi də uğursuzdur. Belə çıxır ki, Çin Ukrayna kimi Tayvanın da müstəqil olduğunu etiraf edir. Bundan başqa, nazir həm də Tayvanla bağlı narahatlığını ifadə edib. Görünür, Çin ABŞ- ın gələcəkdə Ukrayna ssenarisini Tayvanda təkrarlaya biləcəyindən və bu dəfə Pekini “bataqlığa çəkəcəyindən” narahatdır.


Beləliklə, indi faktiki olaraq dünyanın böyük güclərin arasında müharibə gedir. Savaşda hansı qütbün qalib gələcəyi demokratik dünyanın müqavimət gücündən asılıdır.
Kənan Novruzov