Qarabağ separatçıları iyul ayı ərzində Azərbaycan səmasında uçan müxtəlif sərnişin təyyaələrinin GPS peyk naviqasiya sistemlərinə bir neçə dəfə müdaxilə ediblər, naviqasiya bir müddət çalışmayıb. Azərbaycan Müdafiə Nazirliyi birinci müdaxilədən sonra Qarabağdakı Rusiya hərbi kontingentini olay barədə məlumatlandırıb. Ancaq faydası olmayıb. Çünki növbəti günlərdə Budapeşt-Bakı, Bakı-Füzuli, Bakı-Qəbələ reysləri ilə uçan təyyarələrin naviqasiya sistemində də kənar müdaxilə nəticəsində uzun müddət fasilələr yaranıb. Müdafiə Nazirliyi bununla bağlı bəyanatını bu cümlə ilə bitirib: “Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib”. Görməyəcək də, çünki təxribatların arxasında ya Rusiya hərbi kontingentinin özü dayanıb, ya da separatçıları qabağa veriblər.
Odla oynayırlar. Allah eləməmiş, sərnişin təyyarəmizin başına bir iş gəlsə, bunun hesabı verilməli olacaq. Beynəlxalq aləmin diqqətini bu kimi təxribatlara yönəltmək lazımdır. “Laçın dəhlizini açın” deyənlərə Azərbaycana və qanunlarımıza qarşı hörmətsizliyin miqyasını anlatmaq lazımdır. Türkiyə İkinci Qarabağ müharibəsi zamanı dünyadakı ermənipərəst qüvvələrin Azərbaycana qarşı təzyiqlərinin neytrallaşdırılmasında mühüm yol oynadı. Həmin qüvvələr Azərbaycana qarşı kod adı “Laçın dəhlizi” olan növbəti əməliyyata başlayıblar, müharibə dövründə olduğu kimi bunlarla mübarizədə Türkiyə ilə koordinasiyalı fəaliyyətə ehtiyac var. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələlərdə həssas idi. Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Türkiyənin Cənubi Qafqazda fəallığının əleyhinəyik” təxribatçı açıqlaması da cavabsız qalıb.
Elxan Şahinoğlu, politoloq